Əhməd Bəy Ağaoğlu Yaradıcılığında Qərb Ədiblərinə Münasibət

Ahmed Bey Ağaoğlu'nun Eserlerinde Batılı Yazarlara Yönelik Tutum

Qonaq yazıçı: Atakişiyeva Həcər

Türk dünyasının böyük oğlu, millətinin mənafeyi uğrunda mübarizə aparan görkəmli mütəfəkkir, ictimai-siyasi xadim, Türkçülük ideologiyasının banisi, əsərlərinə uzun illər qadağa qoyulmuş, Azərbaycan üçün son nəfəsinə kimi mübarizə aparmış Əhməd bəy Ağaoğlu yaradıcılığında dünya klassikləri və onların fikirləri daim araşdırma obyekti olmuşdur. Əhməd bəy “Kafkaz”,“Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” kimi mətbu orqanlarında çap edilən əsərlərinin əksəriyyətində Qərb ədiblərinin yaradıcılığından bəhs etmişdir.

Əhməd bəy dil bilməyi elm qazanmağın başlıca prinsipi kimi qiymətləndirirdi, məhz dünya klassiklərinində uğurunu onların ən azı üç Avropa dilini – fransızcanı, ingiliscəni, almancanı bilməsində görür, bu dillərin elm və ədəbiyyat arasında körpü olduğunu qeyd edirdi. O, Monten, Dante, Lüter kimi ədiblərin latıncanı da bilmələrini onların daha çox elmə sahib olmaqlarının səbəbi kimi görürdü. İncil latın dilində idi və bu da Papaların öz fikirlərini xalqa xristianlıq hökmləri adı altında asanlıqla qəbul etdirməsi ilə nəticələnirdi. Lakin, az bir müddət sonra Lüter ilk dəfə İncili alman dilinə tərcümə etdi. Bununla da kilsələrin təsir gücü xalq üzərində yox oldu və bu hadisə xristianların həyatında böyük dönüş yaratdı.

Əhməd bəy Ağaoğlu Karl Fosteri, Volteri, Şekspiri, Danteni İslam dininə və Həzrəti Məhəmmədə qarşı əsassız təhqirlərinə görə sərt şəkildə tənqid etmişdir. Onları dövrün tələblərini bilib – bilmədən icra etməkdə haqlı olaraq günahlandırırdı.

Əhməd bəy daim öz əsərlərində ziyali şəxsiyyətlərin yetişməsi üçün bir mühitin olmasını əsas şərt kimi göstərirdi. Ziyalı cəmiyyətin də var olmasını akademiya və universitet qurmaqda görürdü. Əhməd bəy öz fikirlərini dünya xalqlarının təcrübə və nailiyyətləri ilə də sübuta yetirmişdi. O, “Rusiyada Böyük Petronun yenidən quruculuq tədbirlərinə akademiya və universitet açmaqla başlamasını yüksək qiymətləndirib və onun sayəsində Rusiya Avropaya pəncərə aça bildi, məhz bu tərəqqidən sonra Rusiya  cəmiyyəti Lomonosov, Puşkin, Turgenev, Dostoyevski, Tolstoy, Martin, Mendeleyev, Qorki, Lenin kimi şəxsiyyətləri qazandı və bununla da bütün dünyanı heyrətə gətirdi” fikirlərini söyləmişdir.

Əhməd bəy rus ədəbiyyatının dahisi olan Dostoyevskinin yaradıcılığına nə mənfi, nə də ki, müsbət cəhətdən toxunmamışdı. Dostoyevskinin əsərlərinə dair Əhməd bəyin heç bir yerdə fikirlərinə rast gəlmirik. Lakin buna baxmayaraq, onun Puşkinin, Lermontovun, Qoqolun, Qorkinin, Andreyevin, Çexovun əsərlərini oxuyub öz tənqidi məqalələrində qiymətləndirdiyini görürük.

Əhməd bəy rus yazıçıları olan Krılov və Qriboyedovun yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirmiş, onlara əsərlərini xalqın dilində yazdıqlarına görə rəğbət bəsləmişdir.

Əhməd bəy Parisdə tələbə olarkən ona dərs deyən Ernst Renan, Ceyms Darmsteter, Barbiye de Meynar, İppolit Ten, Qaston Paris kimi Qərb ədiblərinində onun formalaşmasında böyük rollarının olduğunu həmişə öz əsərlərində qeyd etmişdir.

Əhməd bəy bir sıra Qərb ədiblərinin yaradıcılığını “Mən kiməm?’’ əsərində geniş bir şəkildə analiz edib qiymətləndirmiş, onların fikirlərini təqdir etdiyini qeyd etmişdir. Əhməd bəy bu əsərində Monten, Lüter, Kalfin, Rafaello, Leonardo da Vinçi kimi Qərb mütəfəkkirlərinin fikirlərini bəyəndiyini bilmişdir. Onların fəaliyyətlərini yüksək qiymətləndirmiş, ədiblərin fikirlərinə ortaq olmuşdur. Əhməd bəy eyni zamanda bu əsərində Qərb tərbiyəsinin var olmasını Brutların, Katonların, Sokratların sayəsində olduğunu və cəmiyyətin buna görə onlara borclu olduqların qeyd etmişdir.

Əgər bütün Paris və Parisin tarixi yer üzündən silinib, yalnız Viktor Hüqonun “Notre Dame de Paris’’si ilə Zolyanın “Vente de Paris’’ adlı əsərləri qalmış olsaydı, biz yenə Parisin istər orta əsrlər və istərsə də daha sonra gələn zamanlardakı həyatı haqqında tam bir fikir əldə edə bilərdik. Əhməd bəy bu fikirləri ilə Hüqonun, Zolyanın yaradıcılığına necə yüksək qiymət verdiyini bir daha göstərmişdi. Əhməd bəy Parisdə 1871-ci il inqilabının məhz Viktor Hüqonun “Hernani’’ əsərinin təsiri ilə bir teatrda başlamasını vurğulayaraq, ədəbiyyatın cəmiyyət üzərindəki rolunun necə böyük olmasını göstərmişdir.

Əhməd bəyin dünya klassiklərindən mühakimələrini bəyəndiyi Jan Pol Sartr kimi fikirlərini cəmiyyətə ədəbiyyat vasitəsilə çatdıranlar, Kant kimi özünü tamamilə sənətə həsr edənlər olmuşdur.

Ə.Ağaoğlunun elmi və publisistik əsərlərində Prudonun fikirlərini təsdiq etdiyini və onun davamçısı olduğunu görürük. O, Platon və Furyenin cəmiyyətlə fərd arasındakı əlaqə fikirlərinə rəğbət bəsləmişdi.

Əhməd bəy hekayələrindən birində Qərb filosofu Nitsşe ilə Şərqin əxlaqçı filosofu Konfutsini qarşılaşdırıb, onların dialoqu ilə öz fikirlərini verə bilmişdir. Əhməd bəy burada əxlaqi dəyərləri üstün tutub, Nitsşenin “güclü haqlıdır” prinsipini tənqid edib. Əhməd bəy Nitsşeni mənfi qəhrəman kimi seçmişdir, sonralar Nitsşenin ideyalarını özünə rəhbər seçən Adolf Hitler “yalnız fiziki cəhətdən sağlam insan xeyir verə bilər” prinsipinə əsaslanaraq, milyonlarla insanın ölümünə bais olması, Əhməd bəyin nə qədər haqlı olmasının sübutu idi. Əhməd bəy Nitsşe ilə yanaşı fransız yazıçıları olan Pol Burje və Jorj Oneninin də fikirlərini heç cür qəbul etməmişdir.

Əhməd bəy Ağaoğlu Milton, Lokk, Spenser, Russo, Şekspir, Şiller, Höte, Puşkin, Tolstoy kimi Qərb ədiblərinin əsərlərinə  rəğbət bəsləmiş və onların fikirlərini dəstəkləmişdir. Eyni zamanda, Əhməd bəy Ağaoğlu Ezop, Lafonten, Krılov, Robespyer, Monteskyö kimi ədiblərin də yaradıcılığını qiymətləndirmişdir.

Əhməd bəy Qərb ədiblərinin yaradıcılığını özünün “Axund və islam”, “Türk hüquq tarixi”, “Hüquqi-ənsiyyə”, “Dövlət və fərd”, “Sərbəst insanlar ölkəsində”, “Üç mədəniyyət”, “İngiltərə və Hindistan”, “Mən kiməm?”, “İran və inqilabı”, “İxtilalmı, istiqlalmı”, “Sərbəst firqə xatirələri” kimi əsərlərində qiymətləndirmişdir.

Konuk Yazarlar

Turkau konuk yazarların çalışmaları.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Diğer İçerikler:

Başa dön tuşu